www.science.az
29.03.2019 09:26

Dendrologiya İnstitutunda “Bitki aləmi” adlı sərgi təşkil edilib

Martın 28-də AMEA-nın Dendrologiya İnstitutunda bu elmi müəssisə və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bitki aləmi” adlı əl işlərindən ibarət sərgi təşkil olunub.

Sərgidə 150-yə yaxın əl işləri nümayiş olunub. Alim və ziyalıların, eləcə də dövlət rəsmilərinin qatıldığı tədbirdə maraqlı rəsm əsərlərinə baxış keçirilib.

Sərgi ilə yanaşı, institutda “açıq qapı” günü keçirilib. Qonaqlar institutun ərazisindəki 3 minə yaxın bitki ilə yaxından tanış olublar. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov belə sərgilərin ayda bir dəfə, “açıq qapı” günlərinin isə həftədə iki dəfə keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, məqsəd Azərbaycanın bitki aləminin gələcək nəsillər tərəfindən öyrənilməsi, eləcə də yaşıllaqların sayının artırılmasıdır.

Planetimizin qorunmasında gənclərin böyük potensialının və mühüm rolunun olduğunu vurğulayan T.Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.

Tədbirin sonunda nümayiş olunan ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb. Qaliblərə fəxri fərman, pul mukafatları, diplom və sertifikatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.