www.science.az
01.04.2019 09:50

“Qafqaz florasının nadir bitkiləri” mövzusunda sərgi təşkil edilib

27-29 mart 2019-cu il tarixlərində AMEA Mərkəzi Nəbatat Bağında (MNB) Elm Gününə həsr olunan “Qafqaz florasının nadir bitkiləri” mövzusunda elmi-maarifləndirici sərgi təşkil edilib. Əsas məqsəd Azərbaycanda son illərdə nadir bitki növlərinin tədqiqi ilə bağlı məlumatları və bu sahədə alimlərin əldə etdiyi elmi nailiyyətləri ictimaiyyətə çatdırmaq olub.

Sərginin açılış mərasimində çıxış edən MNB-nin direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev Qafqaz florasının zənginliyi və onun flora müxtəlifliyinin öyrənilməsində Mərkəzi Nəbatat Bağının rolundan bəhs edib. O, Elm Günü münasibətilə əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra çıxış edən AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə bu sahədə aparılan işlərin vacibliyini qeyd edərək, müasir dünyada aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən, yeni yanaşma üsullarından danışıb, ölkəmizin flora zənginliyinin mühafizəsinin vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən digər qonaqlar sərginin əhəmiyyətindən, son illər ölkəmizdə biomüxtəlifliyin qorunması sahəsində əldə olunan uğurlardan danışıblar.

Sonra iştirakçılar sərgidə nümayiş etdirilən eksponatlarla və nadir bitkilərin toplandığı kolleksiya sahələri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.