www.science.az
15.04.2019 09:42

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Gürcüstanda beynəlxalq konfransda iştirak ediblər

AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşları aprelin 7-dən 12-dək Gürcüstanın Batumi şəhərində keçirilən “İpəkçiliyin qorunması və bərpasına dəvət – problemlər və perspektivlər – SERİVİVAL-2019” tədbiri çərçivəsində Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya İpək Assosiasiyasının (BACSA) 9-cu beynəlxalq konfransında iştirak ediblər.

Gürcüstanın Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Acarıstan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və BACSA-ya üzv dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionlarında ipəkçiliyin inkişafına dair məsələlər müzakirə edilib. Konfransda ipəkdən qeyri-toxuculuq – smart materiallar alınması perspektivləri və texnologiyalarına, ipək müəssisələrinin və ticarətinin inkişafına həsr olunmuş məruzələr dinlənilib.

Beynəlxalq tədbirdə ŞREM-in direktoru, BACSA-nın Azərbaycan üzrə əlaqələndiricisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və mərkəzin elmi işçisi Zərintac Şükürovanın “Fibroin sapın fizetinlə boyanmasının bütün üç mərhələsində fizetin molekullarının sapa diffuziyası kinetikası”, ŞREM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, b.ü.f.d. Qüdrət Bəkirov və Z.Şükürovanın “Yeni ipəkqurdu cins və hibridlərinin seleksiyası”, “Ekoloji cəhətdən təmiz və davamlıqlı tut bitkisi növlərini müəyyən etmək üçün istehsalat təcrübələrinin nəticələri” adlı təqdimatları dinlənilib.

Diqqətə çatdırılıb ki, dünyada ipəkçiliklə məşğul olan 40-dan çox ölkənin 90 faizi hazırda bu istehsal sahəsini qoruyub saxlamağa çalışır. Bu ölkələrdən yalnız bəzilərində ipəkçiliyin dirçəldilməsinə səylər göstərilir. Hətta dünyanın ən böyük barama istehsalçıları olan Çin, Hindistan, Özbəkistan kimi ölkələrdə belə ipəkçilik fəaliyyətinin qismən və ya tamamilə dayandırılması prosesi gedir. Əgər bu istehsal sahəsinə diqqət gücləndirilməsə, dünyanın bir çox regionlarında ipəkçilik tamamilə yox ola bilər. Məhz ona görə də konfransın əsas mövzusu tut tinginin əkininə, ipəkqurdu yetişdirilməsinə, barama və ipək istehsalına, ipəkqurdu və yem bitkilərinin patologiyalarına, damazlıq və bakteriologiya sahəsində tədqiqatlara həsr olunub. 

Konfransın gündəliyinə uyğun olaraq, iştirakçılar Batuminin məşhur “Botanika bağı”na ekskursiya edib, bağdakı nadir tropik və subtropik bitkilərlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.