www.science.az
18.04.2019 16:41

“Nəsimi ili” uşaqların gözü ilə” mövzusunda açıq dərs keçirilib

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir şəhər 2 saylı məktəb-liseyin ibtidai sinif şagirdləri üçün “Nəsimi ili” uşaqların gözü ilə” mövzusunda açıq dərs keçirilib.

Əvvəlcə qonaqlar muzeyin ekspozisiyası və Nəsimi guşəsi ilə tanış olublar.

Tədbirdə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında məlumat verib. O, şairin yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malik olduğunu, böyük mütəfəkkirin 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlərinin ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırdığını söyləyib. Dövlətimiz tərəfindən Nəsimi irsinin layiqincə qiymətləndirildiyini qeyd edən Y.Bahadurqızı şairin yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Filial müdiri hazırda Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu ilin “Nəsimi ili” elan edilməsini şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsi kimi dəyərləndirib.

Y.Bahadurqızı açıq dərsin məktəblilərin milli-mənəvi sərvətlərimizə sahib çıxmaları və klassik irsimizi mənimsəmələri baxımından əhəmiyyətini qeyd edib.

Sonra çıxış edən məktəbin ibtidai sinif müəllimi Arzu Həsənova bildirib ki, bu gün cəbhədə döyüşən əsgərlərimizin mübarizliyində, elm-təhsil sahəsində dünya səviyyəsinə çıxan gənclərimizin əzmində, eləcə də sosial-iqtisadi inkişafımız üçün qüvvə və bacarıqlarını ortaya qoyan Azərbaycan ziyalılarının iradəsində Nəsiminin rəşadəti var. O, filosof şair Nəsimini şagirdlərə ibtidai sinifdən sevdirməyin və tədris etməyin vacibliyini qeyd edib.

Daha sonra şagirdlər Nəsiminin Azərbaycan dili və ədəbiyyatının inkişafındakı xidmətlərindən danışaraq şairin qəzəllərindən nümunələr söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.