www.science.az
11.06.2014 00:00

Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Fəxri Prezidenti seçilib

4-7 iyun 2014-cü ildə İssık-Kulda (Qırğızıstan) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib. Konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib. Azərbaycandan AMEA Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, həmin institutun professoru Yusif Qasımov, Moskva Dövlət Universitetinin Bakı filialının professoru Azad Tağızadə və başqaları iştirak ediblər.

2011-ci ildə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Bakıda keçirilən IV konqresində cəmiyyətin prezidenti seçilən M.Mərdanov V konqresdə cəmiyyətin 3 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Konqresinin bağlanış iclasında Qırğızıstan Elmlər Akademiyasının akademikiAltay Borubayev 3 il müddətinə cəmiyyətin prezidenti seçilib.

M.Mərdanov cəmiyyətin Fəxri prezidenti, F.Əliyev cəmiyyətin vitse-prezidenti, A.Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçiliblər.

Növbəti konqresin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, fərqli dillərdə riyaziyyat terminləri sözlüyünün hazırlanması üçün prof. Hasan Hilmi Hacısalihoğlunun rəhbərliyi ilə 4 nəfərdən ibarət Komissiya yaradılmışdır. Azərbaycandan isə AMEA-nın RMİ-nin professoru Məmməd Bayramoğlu bu komissiyanın üzvü seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.