www.science.az
10.05.2019 11:17

Azərbaycanlı alimlər Türkiyədə keçirilən konfransda iştirak ediblər

Türkiyənin İstanbul şəhərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu (RMİ) və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Riyazi nailiyyətlər və tətbiqlər” adlı II beynəlxalq elmi konfrans keçirilib.

Konfransda RMİ-nin şöbə müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov və həmin müəssisənin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Miqdad İsmayılov iştirak ediblər.

Tədbirin plenar iclasında B.Bilalov “Qüvvət şəklində çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsi”, M.İsmayılov isə “Grand-Lebeq fəzalarında eksponent və triqonometrik sistemlərin bazis xassələri” mövzusunda məruzə ilə çıxış ediblər.

Bundan əlavə, Rusiya, Gürcüstan, Kanada və digər ölkələrin alimləri ilə görüşərək qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.