www.science.az
13.05.2019 09:47

AMEA Yüksək Texnologiyalar Parkının hərbi yönümlü innovativ layihələri prioritet məsələdir

YT Parkı bu gün respublikadakı texnoparklar arasında özünün aktiv fəaliyyəti, xüsusilə də müdafiə sənayesi sektorunda çalışmaları ilə diqqət çəkir.

“Azeri Defence” hərbi-texnoloji  jurnalında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun müsahibəsi dərc olunub. O, müsahibəsində rəhbərlik etdiyi texnoparkda müdafiə sənayesi sahəsindəki yeniliklər, prespektivdə nəzərdə tutulan işlər, eləcə də texnoparkın imkan və potensialından söz açıb.

N.Şükürov bildirib ki, bu gün artıq YT Parkın uzunmüddətli layihələr üzrə 10 rezidenti fəaliyyət göstərir. Onların arasında müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Azeltech”, “Buta Armor”, “DN Technologies”, eləcə də mülki və hərbi akkumlyator batareyalarının istehsalı ilə məşğul olan “Azmonbat” kimi şirkətlər var.

Müsahibin sözlərinə görə, YT Parkın rezidentliyini almış hüquqi və fiziki şəxslərə bir sıra güzəştlər tətbiq olunur. Rezidentin texnopark ərazisində icra etdiyi layihələr çərçivəsində idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğu gömrük rüsumlarından və idxalda ƏDV-dən 7 il müddətinə azaddır.

O, qeyd edib ki, YT Parkda təqdim edilən güzəşt və imtiyazlar şərait yaradır ki, istehsal ediləcək məhsulun maya dəyəri texnoparkdan kənarda istehsal olunan məhsulun maya dəyərindən 2 dəfəyə qədər aşağı olsun. Eyni zamanda, məhsul istehsalında yerli xammaldan istifadə istifadə olunması vacib məsələdir.

“Texnoparkın rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən istehsal edilən dronlar həm mülki, həm də hərbi təyinatlıdır”, – deyən N.Şükürov burada dronların hazırlanması, istehsalı, xidmət göstərilməsi işlərinin də təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, mülki təyinatlı dronlar kənd təsərrüfatında, ətraf mühitin qiymətləndirilməsində və s. istifadə oluna bilər.

Qeyd edək ki, Azərbaycan hərbi mətbuatının parlaq nümunəsi olan “Azeri Defence” jurnalının əsas məqsədi hərb sənayesi sahəsində, eləcə də müasir texnologiyalar ilə əlaqədar yenilikləri işıqlandırmaqdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.