www.science.az
03.06.2019 10:57

Yüksək Texnologiyalar Parkının nümayəndələri Koreya Respublikasında olublar

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktor müavini Məmməd Bağırzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Koreya Respublikasının Seul şəhərində elmi ezamiyyətdə olub.

Nümayəndə heyəti Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminarda iştirak edib.

Tədbirdə STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hoseo Universitetinin professoru Sanq Hyuk Suh və Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki vəziyyətinin qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla birgə əməkdaşlıq, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində Cənubi Koreya təcrübəsinin tətbiqinə dair təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Daha sonra çıxış edən Məmməd Bağırzadə AMEA-nın ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən ali qurum olduğunu deyib. Bildirib ki, bu gün Azərbaycan alimləri öz innovativ ideyaları və layihələri ilə respublikanın iqtisadiyyatına töhfə verməkdədirlər.

M.Bağırzadə təmsil etdiyi qurumun rezidentləri tərəfindən hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların, sürtkü yağlarının və digər məhsulların istehsal olunduğunu söyləyib. O, həmçinin YT Parkın rezidentlərinə qanunvericiliyə müvafiq qaydada vergi və gömrük güzəştlərinin tətbiq edildiyini diqqətə çatdırıb.

YT Parkın direktor müavini yaxın zamanlarda Azərbaycanda texnologiyaların transferi, startup layihələrinin maliyyələşməsi məsələlərinə dair yeni sənədin imzalanacağını da bildirib.

Qeyd edək ki, iki ölkə arasında həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi 2019-2020-ci illər üçün nəzərdə tutulub. Layihə çərçivəsində bir sıra innovativ tədbirlərin təşkili planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.