www.science.az
04.06.2019 11:42

“Azərbaycan kəhrizləri” kitabının təqdimatı olub

“Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunda (ETLİ) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin "Azərbaycan kəhrizləri" kitabının təqdimatı keçirilib. Tədbirdə “Azərsu" ASC-nin sədrinin müşaviri, professor Çingiz Abdullayev ictimaiyyətə təqdim olunan “Azərbaycan kəhrizləri” monoqrafiyasının bu sahədə yazılan ilk tədqiqat əsəri olduğunu bildirib. 

Qeyd edilib  ki, Azərbaycanda su və həyat mənbəyi kimi böyük əhəmiyyət kəsb edən kəhrizlər Azərbaycanın suvarma-tikinti mədəniyyətinin qədim nümunələridir. Azərbaycan kəhrizlərdən istifadəyə görə dünyada 4-cü yerdədir.

Daha sonra çıxış edən “Azərsu” ASC-nin sədrinin müşaviri, Əməkdar mühəndis Telman Ağayev, “Sukanal” ETLİ-nin direktor müavini, professor Fərda İmanov, Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev, AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev və digərləri çıxış edərək nəşrin elmi dəyərindən bəhs edib, uzun illərdir istismar olunan kəhrizlərin gələcək nəsillərə işlək vəziyyətdə təhvil verilməsinin vacibliyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, kitabda qədim su mədəniyyət abidələri olan kəhrizlərdən, onların qazılma texnologiyasından, su sərfindən və digər məsələlərdən bəhs olunur. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, təsir zonasında olan sahələri barədə məlumatlar əks olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.