www.science.az
07.06.2019 12:41

"Oğuznamə dastanlarında qəhrəmanların tipologiyası" adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin "Oğuznamə dastanlarında qəhrəmanların tipologiyası" adlı monoqrafiyası çapdan çıxıb.

Əsər türk millətinin tarixini əks etdirən qəhrəmanlıq dastanlarının öyrənilməsi, millət olmağın necə və hansı şərtlərdə, hansı mübarizə və çətinliklərlə baş verdiyini göstərmək baxımından ən dəyərli epik mənbədir. Türk millətinin dəyərli əsərlərindən biri olan Oğuznamələr tarix səhnəsinə Göytürk dönəmindən çıxan Oğuz boylarının özlərinin özləri haqqında gələcək nəsillərə miras qoyduqları ədəbi, folklorik, salnamə növlərində mövcud olan möhtəşəm abidədir.

Beş fəsildən ibarət olan əsərdə Oğuz dastanlarında alplıq, alp-ərənlik və qazilik tipologiyası baxımından qəhrəman, qəhrəman-antoqonist zidliyində düşmən obrazları, Oğuznamə dastanlarındakı dini-mifoloji obrazların tipologiyası, qadın qəhrəmanlar kimi mövzulara toxunulub.

Bundan əlavə, Oğuzların mifoloji inanışları, fəlsəfi dünyagörüşləri, ritualları, adət-ənənələri, bir-biri ilə münasibətləri, eləcə də psixologiyasına yer verilib.

Vəsait ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar, elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.