www.science.az
13.06.2019 12:06

“Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş “Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq “Azərbaycan” qəzetinin 100 ildə keçdiyi şərəfli inkişaf yolundan danışıb. Akademik, həmçinin təqdimatı keçirilən “100 yaşlı “Azərbaycan” kitabında qəzetin tarixindən, uğurlarından, hətta problemlərindən bəhs edildiyini diqqətə çatdırıb. O, qəzeti mətbuatımızın etibarlı mənbəyi, zəngin qaynağı kimi səciyyələndirib, nəşrin rəsmi dövlət orqanı olaraq həm bütün xalqı, həm də müxtəlif baxışlı ziyalıları öz ətrafına topladığını söyləyib.

Akademik bildirib ki, “Azərbaycan” qəzeti ümummilli lider Heydər Əliyevin də sevdiyi, inandığı, etibar etdiyi qəzet olub. Həmçinin ölkə başçısı İlham Əliyev qəzetin yubileyinin keçirilməsi üçün geniş imkanlar yaradıb.

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Azərbaycanda rəsmi dövlət mətbuat nümunəsi: ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində qəzetin keçdiyi inkişaf yolu, redaktorları və digər əməkdaşları barədə ətraflı məlumat verib.

Sessiyada, həmçinin akademik Nizami Cəfərov, professorlar - Qəzənfər Paşayev, Bədirxan Əhmədov və filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev çıxış edərək Azərbaycan ədəbi dilinin normalarının qorunmasında qəzetin rolundan danışıblar.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Sonda Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin Ədəbiyyat İnstitutu tərəfindən çap edilmiş nadir nüsxəsi “Azərbaycan” qəzetinə hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.