www.science.az
14.06.2019 12:50

Akademik Akif Əlizadə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro üzvləri ilə görüşüb

AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro üzvləri ilə görüş  keçirilib.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov və büro üzvləri iştirak ediblər.

İclası akademik Akif Əlizadə açaraq FRTEB-in akademiyanın aparıcı bölməsi olduğunu vurğulayaraq son 5 ildə fəaliyyətini yeni elmi istiqamətlərdə qurduğunu deyib. Elmi-texniki infrastrukturu modernləşdirmək istiqamətində akademiyanın bölmədən böyük gözləntiləri olduğunu söyləyən AMEA rəhbəri elmi tədqiqatların səmərəsini artırmaq, eyni zamanda beynəlxalq elmi əlaqələri gücləndirmək məqsədilə FRTEB-in xarici elmi mərkəzlərlə əməkdaşlıq imkanlarını genişləndirməyi tövsiyə edib. Bölməyə daxil olan hər bir elmi müəssisəyə yeni elmi istiqamətlərdə təqdiqatları digər institutlarla müştərək aparmağı, doktorant və dissertantlara müasir elmin tələblərinə uyğun dissertasiya mövzuları müəyyənləşdirməyi tapşırıb.

Çıxışında İKT-nin elmi fəaliyyətdə tətbiqindən söz açan akademik A.Əlizadə proqram mühəndisliyi, idarəetmə sistemləri, robotlaşma texnologiyaları sahələrində, həmçinin uzunömürlülüyün və neyrodegenerativ xəstəliklərin tədqiqi yönündə müasir texnologiyalardan istifadə yolu ilə elmi araşdırmalara üstünlük verməyə, eləcə də ölkənin informasiya təhlükəsizliyində müvafiq institutları fəal iştirak etməyə çağırıb.

Akademik ötən ay ölkəmizdə rəsmi səfərdə olan Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev ilə görüşdə müzakirə edilən məsələlərə də toxunub. Görüş çərçivəsində iki qurum arasında imzalanan elmi-texniki əməkdaşlıq haqqında sazişdən danışıb. Xüsusilə də  Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi və ekoloji problemlərinin birgə tədqiqatlar üçün prioritet istiqamət olduğunu vurğulayıb.

AMEA prezidenti akademiyanın Yüksək Texnologiyalar Parkının istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmasını, Strateji Elmi Tədqiqatlar Mərkəzinin strateji əhəmiyyətli layihələrin hazırlanmasında, intellektual, hərbi-elmi və texniki potensialın artırılmasında əhəmiyyətli işlər gördüyünü də diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan sahələrdə fəaliyyəti daha da inkişaf etdirmək üçün  onlara elmi-texniki dəstəyi ilk növbədə FRTEB göstərməlidir.

Görüşdə, həmçinin digər məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.