www.science.az
20.06.2019 09:42

Rusiyalı alim Azərbaycanın neolit dövrü keramikasını tədqiq edir

Rusiya Dövlət Tarix Muzeyinin Arxeoloji abidələr şöbəsinin elmi əməkdaşı Natalya Petrova AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji fondunda saxlanılan neolit (e.ə. VI - V minillik) dövrünə aid keramika məmulatlarını tədqiq etmək üçün respublikamızda elmi ezamiyyətdədir.

Rusiyalı alimin apardığı tədqiqatın əsas məqsədi Yaxın Şərqin və Qafqazın neolit dövrü keramikasının hazırlanma texnologiyasının araşdırılması və Yaxın Şərq, Cənubi və Şimali Qafqaz neolit məskənlərindən aşkar edilən keramik məmulatlarının hazırlanma texnologiyaları arasında oxşar və fərqli cəhətlərin təyinidir. Rusiyalı mütəxəssis əsasən Azərbaycanın Göytəpə və Menteştəpə neolit dövrü məskənlərindən tapılan keramika nümunələrini tədqiqatlarına cəlb edib.

Qeyd edək ki, N.Petrova ezamiyyət zamanı Tovuz rayonundakı Göytəpə neolit dövrü məskənində elmi səfərdə olub. Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevin rəhbərliyi altında arxeoloji ekspedisiya üzvləri rusiyalı tədqiqatçını əldə etdikləri elmi nəticələrlə tanış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.