www.science.az
25.06.2019 09:35

AMEA-nın müxbir üzvü Əli Nuriyevin 80 yaşı tamam olur

İyunun 26-da görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, İqtisadiyyat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 80 yaşı tamam olur.

Əli Xudu oğlu Nuriyev 26 iyun 1939-cu ildə Füzuli rayonunda anadan olub. 1963-cü il­də Azər­baycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1964-cü ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan Əli Nuriyev sonralar müəssisənin böyük elmi işçisi, aparıcı elmi işçisi, şöbə müdiri vəzifələrində çalışıb. Bundan əlavə, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akade­mi­ya­sında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Hazırda alim İqtisadiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışır.

Alim 1969-cu ildə "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda namizədlik, 1991-ci ildə isə "Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2005-ci ildə professor elmi adını alıb.

Onun “Məhsuldar qüvvələrin respublika daxilində yerləş­məsinin sosial-iqtisadi problemləri” (1982), “Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi qu­ru­luşunun kompleks təkmilləşməsi” (1991), “Azərbaycan Respublikasının böhran və­ziy­yə­tin­dən çıxması və inkişafının prinsipial məsələləri” (1992), “Regional siyasət və idarəetmə” (2004), “İnsan və hə­yat fəlsəfəsi” (2005), “Regional idarəetmənin əsasları” (2007), “Re­gional siyasət və idarəetmənin əsasları” (2007), “Azərbaycanda iqtisadi inkişaf və modern­ləş­mə siyasətinin konseptual əsasları” (2013), “Davamlı və tarazlı regional inkişaf” (2017), ha­belə həmmüəllif olduğu “Naxçıvan iqtisadiyyatı XX əsrdə” (2000) kitabları elmi ictimaiy­yə­tin böyük rəğbətini qazanıb. Əli Nuriyevin bir çox elmi təklifləri praktikada tətbiqini tapıb. 1990-1992-ci illərdə respublikada yeni inzibati rayonların yaradılmasında onun konsepsiyası əsas olaraq qəbul edilib.    

Alim ərazi istehsal kompleksinin formalaşması, məhsuldar qüvvələrin yerləşməsi, regional siyasət və idarəetmənin aktual problemlərinə həsr olunan 270 elmi əsərin, o cümlədən 25 monoqrafiya və broşürün, 8 monoqrafik əsərin müəllifidir. Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də Əli Nuriyevin mühüm xidmətləri var. Onun rəhbərliyi altında 30-a yaxın elmlər və fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib.

O, İqtisadiyyat İnstitutundakı və Naxçıvan Bölməsin­də­ki ixtisaslaşdırılmış dissertasiya şuralarının, “AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)”, “AMEA-nın Naxçıvan Bölməsinin Xəbərləri”, “İpək yolu”, “Kooperasiya”, “Dövlət idarəçiliyi: nə­zəriyyə və təcrübə” jurnallarının redaksiya heyətinin üzvüdür.  

Ə.Nuriyev iqtisad elminin inkişa­fın­dakı xid­mət­lə­ri­nə görə, dəfələrlə AMEA-nın Fəxri fər­manları ilə təl­tif olunub. Bundan əlavə, elm və təhsil sahəsindəki xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikasının "Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Görkəmli iqtisadçı alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.