www.science.az
01.07.2019 17:30

Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri səhnələşdirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük yazıçı, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə “Dəli yığıncağı” əsəri səhnələşdirilib.

Tamaşadan öncə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edib.

Tamaşanın elmi məsləhətçisi İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə və onun hüdudlarından kənarda Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr edilən müxtəlif tədbirlərin keçirildiyini bildirib. O, AMEA-nın elmi müəssisə və təşkilatlarında bu münasibətlə elmi sessiyalar, seminarlar və konfransların təşkil olunduğunu söyləyib: “Mirzə Cəlilin 150 illiyinə akademiya və ona bağlı olan qurumlar sanballı nəşrlər hazırlayırlar”.

Akademik çıxışında Cəlil Məmmədquluzadənin digər əsərlərinin də bədii dəyəri və milli mövqeyi haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, ikihissəli satirik pamfletin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.