www.science.az
18.07.2019 10:34

“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Akademik bu günə qədər ədəbi cərəyanların az tədqiq olunduğunu bildirib və dərindən əsaslı şəkildə öyrənilməsinin zəruriliyini vurğulayıb. O, bunun üçün ədəbiyyat tarixinin düzgün dövrləşdirilməsinin önəmli olduğunu bildirib. İ.Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatlar aparan Yaşar Qarayev, Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli,  Qorxmaz Quliyev kimi alimlərin fəaliyyəti haqqında da məlumat verib. Qeyd edib ki, problemin öyrənilməsi üçün institutda ayrıca Ədəbi cərəyanlar sektoru da açılıb.

Müstəqillik dövrünə qədər Azərbaycan ədəbiyyatında erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların yarandığını deyən akademik hazırda isə dekadenizm, magik realizm, neorealizm, postmodernizm cərəyanların müşahidə olunduğunu qeyd edib.

Tədbirdə, həmçinin institutun şöbə müdiri, professor Tahirə Məmmədin “Divan ədəbiyyatı və ədəbi cərəyanlar problemi” mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.