www.science.az
24.07.2019 11:26

Qəbələnin Səlbir və Antik şəhər yerində arxeoloji qazıntılar aparılır

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə "Antik və İlk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" Qəbələnin Səlbir və Antik şəhər yerində arxeoloji qazıntılar aparır.

Məqsəd Qəbələdə erkən şəhər mədəniyyətinin formalaşması, urbanizasiya problemi, yaşayış yerlərində mədəni təbəqələr əsasında davamlı həyat tərzinin öyrənilməsidir.    

Hazırda qədim Qəbələnin Səlbir yaşayış yerində 400 kv.m-dən artıq olan iri tikili kompleksi tədqiq olunmaqdadır. Tədqiqatlar zamanı qeyd olunan kompleksə aid bir binanın iki mərtəbəli olması müəyyən edilib. Binanın tikintisində çay daşı və bişmiş kərpiclərdən geniş istifadə olunub. Binanın alt mərtəbəsinə kərpiclərdən hörülmüş pilləkənlər vasitəsilə düşdükdən sonra dəhlizlər vasitəsilə müxtəlif istiqamətlərdə otaqların varlığı müəyyən edilib. Dəhliz və otaqlar bişmiş kərpiclərlə döşənmiş və üzəriləri süvaq qatı ilə örtülüb. Binanın daxili divarlarının tərtibatında üzəri həndəsi təsvirlərlə bəzədilmiş süvaq örtükləri də aşkarlanıb.

XII-XIV əsrlərə aid tikili kompleksinin içərisinə dəhlizlər, yardımçı otaqlar, dairəvi hovuz, saxsı tünglərdən hazırlanmış su xətti, isitmə qurğuları, təsərrüfat quyusu, təndir daxildir. Qazıntılar nəticəsində binanın dağılmış hissələri içərisində xeyli müxtəlif rəngli şüşələrin tapılması vaxtilə orada şəbəkəli pəncərələrin olduğundan xəbər verir. Tədqiqatlar zamanı, həmçinin saxsı məmulatı, inşaat detalları, metal əşyalar aşkar edilib. Zamanla kütləvi dağıntıya məruz qalan binanın yerində 15-ci əsrdən sonra kiçik qəbirstanlıq salınıb.

Paralel olaraq Səlbir yaşayış yerində "Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası" da fəaliyyət göstərir. Birgə tədqiqatlar Səlbirin mərkəzi hissəsində su anbarı ehtimal edilən çökəklik yerində davam etməkdədir.

2 illik fasildən sonra ekspedisiya Qəbələnin Antik şəhər yeri ehtimal edilən Çaqqallı sahəsində də tədqiqatlar aparır. Uzun illər aparılmış genişmiqyaslı qazıntılar nəticəsində aşkarlanan dulusçuluq emalatxanası ətrafında qazıntılar davam etdirilir. E.ə. II əsrə aid olan dulus emalatxanasının ətrafı tədqiqatlara cəlb olunaraq emalatxananın sərhədləri və dulus kürələrinin tədqiqi istiqamətində işlər aparılmaqdadır.

Qeyd edək ki, arxeoloji çöl-tədqiqat işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.