www.science.az
09.08.2019 09:06

MEK-də Macarıstan Səfirliyi ilə Hungaricum Təqaüd Proqramını qazanan Azərbaycanlı tələbələrin görüşü keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə Macarıstanın Azərbaycandakı Səfirliyi Hungaricum Təqaüd Proqramını qazanmış Azərbaycanlı tələbələrlə görüş keçirib. 

Tədbirdə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi, səfirliyin Mədəniyyət və təhsil işləri üzrə attaşesi Mixay Qruber və Macarıstanda təhsil hüququ qazanmış tələbələr iştirak ediblər.

Tədbirdə Hungaricum Təqaüd Proqramı haqqında geniş məlumat verilib. Bildirilib ki, Macarıstanda ali təhsil almaq üçün hər il minlərlə tələbə müraciət edir və 2019/2020-ci tədris ilində də 5000-dən çox tələbə Stipendium Hungaricum Proqramı  çərçivəsində Macarıstanda təhsilə başlaya bilər.

Qeyd edək ki, Hungaricum Təqaüd Proqramı Macarıstan hökuməti tərəfindən 2013-cü ildə başlanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı Azərbaycan ilə Macarıstan arasında saziş imzalanmış və 2015-ci ildə proqram tətbiq olunmağa başlamışdır. Stipendium Hungaricum Proqramı hər il Azərbaycanlı tələbələr üçün Macarıstan hökuməti hesabına 200 təqaüd verir. Təqaüd təhsil haqqı, Macarıstan qanunlarına uyğun olaraq aylıq təqaüd, yataqxana və ya təqaüdün bütün müddəti ərzində yaşayış üçün aylıq ödəniş, tibbi xidmətlər üçün əlavə tibbi sığorta kimi müddəaları əhatə edir.

Tədbirdə təqaüd proqramını qazanmış iştirakçıların, həmçinin digər tələbələrin Macarıstandakı həyat tərzi haqqında daha çox məlumat əldə edə bilmələri üçün Azərbaycan Macar Gənclər Birliyinin üzvləri ilə görüşlərin təşkili tövsiyə edilib. Görüşdə, həmçinin Azərbaycanlı tələbə icmalarının Macarıstandakı fəaliyyəti də müzakirə edilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.