www.science.az
30.08.2019 14:10

Çin Elmlər Akademiyasının nümayəndə heyəti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub

Çin Elmlər Akademiyasının (ÇEA) nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində AMEA Fizika İnstitutunda qonaq olub.

Nümayəndə heyətinə ÇEA-nın Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq, həmin institutun direktor müavini, professor Ya Ven, Fizika və Kimya üzrə Sincan Texniki İnstitutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərləri daxildirlər.

Qonaqlar bu elmi müəssisədə aparılan tədqiqat işləri, xüsusilə müasir qurğular və maddi texniki baza ilə tanış olublar.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, burada əldə olunan mühüm elmi nəticələr, həmçinin müasir cihaz və avadanlıqların işləmə funksiyaları barədə məlumat verib.

Akademik Enge Vanq Fizika İnstitutunda həyata keçirilən tədbirləri, burada yaradılan innovativ mühiti yüksək qiymətləndirib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Ayaz Bayramov və laboratoriya rəhbəri, fizika üzrə elmlər doktoru Elçin Cəfərov da iştirak ediblər. 

Çinli alimlərdən ibarət nümayəndə heyəti daha sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzini və Azərbaycan Tibb Universitetini ziyarət ediblər. Mərkəzin direktoru, professor Sevda Abdullayeva və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevlə görüşən qonaqlar birgə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.