www.science.az
13.09.2019 15:14

İnformasiya Texnologiyaları İnstitutunun yeni magistrantları ilə görüş keçirilib

Bu gün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 2019/2020-ci tədris ili üzrə bu qurumun magistraturasına qəbul olunmuş magistrantlarla görüş keçirilib.

Magistrantları salamlayan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev onlara yeni tədris ilində uğurlar arzulayıb. Bildirib ki, cari ildə institutun magistratura pilləsinə “Kompüter mühəndisliyi”, “İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “Kompüter sistemləri və şəbəkələri” və “Tətbiqi proqram təminatı” ixtisasları üzrə ümumilikdə 8 yer ayrılıb.

Ölkə rəhbərliyi tərəfindən elmə və təhsilə göstərilən diqqət və qayğıdan danışan alim informasiya texnologiyaları sahəsində institutda yaradılmış imkanlar barədə tələbələrə məlumat verib. Alim institutda təhsilin magistratura pilləsinin tədrisinin elmdə dəyərli nəticələrin əldə olunması, gənc alimlərin yetişdirilməsi, bir sözlə Azərbaycan elminin innovativ inkişafı baxımından vacibliyini qeyd edib.

Akademik R.Əliquliyev elmə böyük marağı olan magistrantları elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini doktorantura pilləsi üzrə davam etdirməyə çağırıb. O, magistrantların öz ixtisasları üzrə dərin biliklərə yiyələnəcəklərini, təhsil aldıqları müddətdə işlə təmin olunacaqlarını, eləcə də onların dünyanın nüfuzlu elmi-tədqiqat müəssisələrində təcrübə keçəcəklərini qeyd edib.

İnformasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparan gənclərə ehtiyac olduğunu deyən R.Əliquliyev onlara institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı tövsiyə edib.

Sonda müzakirələr aparılıb, magistrantları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.