www.science.az
17.09.2019 11:58

İctimai Elmlər Bölməsinin elmi müəssisələrinə direktor vəzifəsinə seçkilər keçirilib

AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb. İ.Həbibbəyli bugünkü iclasda bölmənin akademik Ziya Bünyadov adına Şərqşü­naslıq İnstitutuFəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilərin keçiriləcəyini bildirib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə irəli sürülür və səsvermənin nəticələri bölməyə daxil olur.

Ümumi yığıncaqda İEB-in elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.

Gizli səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva Şərqşü­naslıq İnstitutunun, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı isə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.

Səsvermədə 24 bölmə üzvündən 17-si iştirak edib.

Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.