www.science.az
23.09.2019 15:44

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları "Böyük şəxsi məlumatların analizi üçün gizli qorunan alqoritmin dərindən öyrənilməsi" adlı məqalə “Elsevier” nəşriyyatının jurnalında (“Journal of Industrial Information Integration”) dərc edilib.

Məqalədə böyük verilənlərin gizliliyi qorumaqla analizini həyata keçirmək üçün dərin təlim üsulu təklif edilir. Üsulun əsas məqsədi şəxsin fərdi məlumatları içərisindən sensitiv məlumatların tapılmasını və onların qeyri-sensitiv məlumatlara transformasiya olunmasını təmin etməkdir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Journal of Industrial Information Integration” “Web of Science”, “Emerging Sources Citation Index” (ESCI), “Ei Compendex”, “EBSCOhost”, “Scopus”, “INSPEC” beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.