www.science.az
03.10.2019 17:22

AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun 80 illik yubileyi qeyd olunub

Oktyabrın 3-də AMEA-nın Əsas binasında Yer Elmləri Bölməsiakademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının birgə iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, müvafiq elmi müəssisələrin direktorları, direktor müavinləri və elmi katibləri, Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə F.Qədirov tərəfindən Yer elmləri üzrə elmlər doktoru Qulam Babayevə AMEA-nın professoru diplomu təqdim olunub.

Tədbir öz işini tanınmış coğrafiyaçı alim, AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun anadan olmasının 80 illiyinə həsr edilən elmi sessiya ilə davam etdirib.

Görkəmli alim Şahvələd Xəlilovun həyat və elmi fəaliyyətindən danışan akademik Fəxrəddin Qədirov onun ölkəmizdə göllərin və su anbarlarının tədqiqində əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, 2001-ci ildə AMEA-nın  müxbir üzvü seçilmiş Ş.Xəlilov Coğrafiya İnstitutunda la­boratoriya müdiri, Ekocoğrafiya şöbəsinin rəhbəri, elmi işlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb. Nəzərə çatdırıb ki, Ş.Xəlilov 1978-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinin katibi olub, Bakı Şəhər Sovetinin deputatı seçilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra alimin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əsas təşkilatçıla­rın­dan biri olduğunu, rayon təşkilatı sədrinin birinci müavini seçildiyini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasının ekspert şurasının üzvü kimi fəaliyyət göstərdiyini bildirib.

Bölmənin akademik-katibi vurğulayıb ki, böyük coğrafiyaşünas Ş.Xəlilov elmi biliklərini, əldə etdiyi nəticələri Azərbaycan Televiziyasında aparıcısı olduğu verilişlər vasitəsilə geniş ictimaiyyətə çatdırıb: “Alim 20 il ərzində çox sevilən “Səyahət” və “Sovet Azərbay­canına səyahət” elmi-kütləvi verilişlərinin dai­mi aparıcısı olub. O, bu proqramlarda ölkəmizdəki göllər, su anbarları haqqında kifayət qədər dolğun məlumatlar verib”.

Görkəmli alimin tədqiqatlarından, əldə etdiyi elmi nəticələrdən hər zaman geniş istifadə olunduğunu deyən F.Qədirov onun xatirəsinin daim yaddaşlarda yaşayacağını bildirib.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov isə Ş.Xəlilovun elmi tədqiqatları haqqında məlumat verib. Bildirib ki, görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətləri Azərbaycanın su anbarları və göllərinin hidroloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillə­ri­nin dina­mikası, su təsərrüfatı tədbirlərinin tədqiqidir. Qeyd edib ki, onun su anbarlarının ətraf mühitə təsiri, mühafizəsi, səmərəli istifadəsi problemləri sahəsində də mühüm işləri olub.

Ş.Xəlilovun öz işinə hər zaman məsuliyyətlə yanaşdığını deyən akademik onun bir sıra mühüm elmi nəticələr əldə etdiyini diqqətə çatdırıb: “O, Azər­baycan coğrafiyaçıları içərisində ilk dəfə yeni su anbarlarının səmərəli yerləş­diril­məsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırla­yıb. Mövcud su anbarlarının ətraf mühitə neqativ təsirlərinin, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi proqnozunu ver­ib. Onun 1995, 1997 və 2000-ci illərdə əldə etdiyi elmi nəticələr Azər­baycan Elmlər Akademiyasının Rəyasət Heyətində coğrafiya elminin əhəmiyyətli nəticələri kimi qəbul edilib”.

R.Məmmədov vurğulayıb ki, görkəmli alimin ölkəmizin gölləri və su anbarlarının mühafizəsi və səmərəli istifadəsi üzrə elmi nəticələri Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfin­dən Azərbaycan Respublikasının su ehtiyatlarının kompleks istifadəsi və mühafi­zəsi üzrə baş sxeminin tərtibində istifadə olunub.

Şahvələd Xəlilovun 100-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın mü­əllifi olduğunu deyən akademik onu da əlavə edib ki, alimin Azərbaycan Sovet Ensiklopediyasının VI-X cild­lərində çaylar, göllər və su anbarlarına aid 50-dən artıq məqaləsi çap edilib. Ramiz Məmmədov görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun xatirəsinin daim yad ediləcəyini bildirib.

Elmi sessiyada AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasif Babazadə, həmin universitetin Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, Bakı Dövlət Universitetinin professorları – Tapdıq Həsənov, Şövqi Göyçaylı və digərləri çıxış edərək görkəmli alimin ölkəmizdə göllərin və su anbarlarının tədqiqindəki xidmətlərinin əvəzsiz olduğunu söyləyib, onunla bağlı xoş xatirələrini paylaşıblar.

Çıxış edən mərhum alimin oğlu Eldar Xəlilov atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilinə görə ailə üzvləri adından AMEA rəhbərliyinə, həmçinin qonaqlara təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.