www.science.az
16.10.2019 14:10

Azərbaycanda texnologiyaların transferi imkanlarının öyrənilməsinə həsr olunan seminar keçirilib

Oktyabrın 16-da AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) birgə təşkilatçılığı ilə "Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi" layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə YT Parkın direktoru, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Şərq ölkələri ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov, STEPİ-nin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.

Tədbiri YT Parkın direktoru S.Məmmədov açaraq seminarın artıq üçüncü dəfə baş tutduğunu və burada əsas məqsədin koreyalı alimlərlə birgə Azərbaycanda texnologiyaların transferi və elmi nailiyyətlərin kommersiyalaşdırılması imkanlarının öyrənilməsi olduğunu bildirib.

Sonra çıxış edən Eun Yo Kim 2017-ci ildən etibarən AMEA ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Bildirib ki, iki qurum arasında əməkdaşlıq münasibətləri yalnız texnologiyaların transferini deyil, həmçinin texnoparkların idarəolunması, startap ideyalarının həyata keçilməsini əhatə edir. STEPİ-nin 70 illik təcrübəyə malik olduğunu deyən E.Y.Kim öz imkanlarını Azərbaycan kimi inkişaf etməkdə olan ölkəyə transfer etməkdə maraqlı olduqlarını vurğulayıb. O, həmçinin Cənubi Koreya universitetləri ilə əməkdaşlıq etmək istəyən seminar iştirakçılarına zəruri dəstəyi verəcəklərini söyləyib.

Seminarda, həmçinin Cənubi Koreyanın Hanbat Universitetinin professoru Yonq İn Çoinin "Texnoloji sahibkarlıq və ideya əsaslı startap", AMEA YT Parkın şöbə müdiri Zaur Əhmədzadənin "2019-cu il üzrə inkişaf və nailiyyət layihəsinin təqdimatı" və "Innova Ventures Group"un rəhbəri Vüsal Süleymanlının "Koreyada STİ potensialının inkişafı üzrə səyyar təlimdən sonra tətbiq və inkişaf halları" mövzularında çıxışları dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.