www.science.az
15.11.2019 17:02

Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 15-də Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və AMEA Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə Bakıda “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov Azərbaycanın nailiyyətlərini dünya ölkələri ilə bölüşmək, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiqinə dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə təşkil olunan konfransın əhəmiyyətini vurğulayıb. O, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatında dünya elminin müasir nailiyyətlərinin tətbiq edildiyini, Azərbaycanın üç peykinin kosmosa göndərildiyini, “İntellektual nəqliyyat” sisteminin yaradıldığını bildirib. 

Daha sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühüm məsələ olduğunu qeyd edib.

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxışında bildirib ki, Avropa Komissiyası müvafiq regionda məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasının təşviqi ilə məşğul olur. CEPEJ tərəfindən üzv dövlətlərdə ədliyyənin səmərəliliyinin artırılması məqsədilə çoxlu sayda rəhbər qaydalar və digər sənədlər hazırlanır, habelə müxtəlif aktual mövzulara dair elmi tədqiqatlar aparılır. Onlardan biri kimi, CEPEJ ötən ilin dekabr plenar iclasında “Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”nı qəbul edib, bu da Avropada ilk dəfə olaraq siyasətçilərə, qanunvericilərə və ədliyyə sahəsində çalışan rəhbər şəxslərə milli məhkəmə proseslərində süni intellektin sürətli inkişafı məsələsində istiqamət verə biləcək normativ prinsiplər çərçivəsini təmin edib. 

Ramin Qurbanov süni intellektin tətbiqinin insan hüquqlarına birbaşa təsir göstərə biləcəyini, Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsinin vacibliyini və ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlərin görüldüyünü vurğulayıb.

Beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsində son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına əsasən ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların inamının artırılması, onların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və genişləndirilməsi, məhkəmə sistemi və qərarların icra xidmətinin elektronlaşdırılması, həmçinin müxtəlif texnoloji yeniliklərin tətbiqi ilə bağlı ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü islahatlar davam edir.

Bu islahatlar çərçivəsində görülən işlərin nəticəsi olaraq, hazırda müxtəlif sahələrdə avtomatlaşdırılmış elektron sistemlərdən, süni intellektin müxtəlif elementlərindən uğurla istifadə olunur və belə texnologiyaların tətbiqi daha da genişləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.