www.science.az
28.11.2019 15:41

“Cavidşünaslıq” araşdırmalar toplusunun XI-XX cildləri çap olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Cavidşünaslıq” araşdırmalar toplusunun XI-XX cildləri çap edilib.

Vəsait AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” elmi-tədqiqat proqramı çərçivəsində işıq üzü görüb.

Çoxcildliyin redaksiya heyəti akademik Akif Əlizadə (ideya müəllifi), akademik İsa Həbibbəyli (elmi məsləhətçi), akademik Teymur Kərimli (layihənin rəhbəri) və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdan (tərtibçi-müəllif) ibarətdir.

Nəşr böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 18 illik bir dövrü (1994-2012-ci illəri) əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini göstərməyə imkan verir.

Toplunun XI-XX cildlərində akademiklər - Nərgiz Paşayeva, İsa Həbibbəyli, Rafael Hüseynov, Teymur Kərimli, Kamal Abdullayev, Gülbəniz Babaxanlı, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və digər alimlərin imzaları var.

Qeyd edək ki, “Cavidşünaslıq” toplusunun daha 10 cildinin çapı nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.