www.science.az
28.11.2019 17:02

Azərbaycanlı alim İtaliyada beynəlxalq seminarda iştirak edib

İtaliyanın Milan şəhərində “Big Data rəqəmsal əmək bazarı məlumatları kontekstində onlayn vakansiyalar” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Tədbir Avropa Komissiyası, Avropa Təhsil Fondu və İtaliyanın Bikokka Universitetinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platforması çərçivəsində baş tutub. 

Seminarda ölkəmizi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Statistika Komitəsinin ekspertlərindən ibarət nümayəndə heyəti təmsil edib.

İclasın gedişatında Milanın Bikokka Universitetinin mütəxəssisləri veb-saytlardan və digər açıq mənbələrdən 200 milyona yaxın onlayn-vakansiyaların toplanması və emalı üzrə təklif etdikləri metodoloji və arxitektur həllər haqqında geniş məlumat veriblər.

Tədbirin son sessiyasında ölkələri təmsil edən iştirakçı komandalara verilən suallar əsasında “Big Data vasitəsilə əmək bazarı analitikasının hasil edilməsi” layihəsinin ilkin “Yol xəritəsi” hazırlanaraq təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.