www.science.az
28.11.2019 17:48

"İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Dekabrın 2-də saat 14:00-da AMEA-nın Əsas binasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.

İki gün davam edəcək konfransda "Heykəltəraşlıq sənətində Nəsimi obrazı", "İmadəddin Nəsimi və Azərbaycan musiqisi", "Qazaxıstan təsviri sənətində Abay obrazı", "Nəsimi yaradıcılığı kitab qrafikasında", "Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində", "Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü" və digər mövzularda məruzələr dinləniləcək.

Konfrans çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.