www.science.az
06.12.2019 12:13

6 dekabr – Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 14 ildir ki, ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Məlum olduğu kimi, Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. 1881-ci il 6 dekabr tarixində isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə yanaşı, telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Heç şübhəsiz ki, Azərbaycanda rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilib.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət alıb. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub.

Hazırda dünyada dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahəyə çevrilib. Ölkəmizdə bu sahə ilə bağlı milli inkişaf strategiyası, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib, konkret hədəflər müəyyənləşdirilib.

Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı İnternet infrastrukturu inkişaf etdirilib, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz İnternet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilib. Görülən işlər nəticəsində artıq ölkə əhalisinin 80 faizindən çoxu İnternet istifadəçisidir. Bu isə elektron xidmətlərin həcminin artmasına, vətəndaşların bu xidmətlərdən daha yaxşı istifadə etmələrinə gətirib çıxarır.

Bu gün Azərbaycanın dövlət müəssisələrində, elm və təhsil sistemində, istehsal və xidmət sferalarında İKT-nin tətbiqi, kompüterləşmə və İnternet təminatının səviyyəsi olduqca yüksəkdir. Azərbaycan Milli Elmlər Akademiyası da bu sahənin inkişafına xüsusi diqqət ayırır və müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak edərək, görülən işlərə mütəmadi olaraq dəstək verir.

AMEA tərəfindən biliklər iqtisadiyyatının əsasını təşkil edən yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsinə xüsusi önəm verilir, bu məqsədlə yaradılmış Yüksək Texnologiyalar Parkına investisiyaların cəlb edilməsi üçün mühüm tədbirlər görülür.

Bununla yanaşı, AMEA-nın bu sahənin elmi problemləri ilə məşğul olan müvafiq qurumları, o cümlədən İnformasiya Texnologiyaları İnstitutu tərəfindən informasiya cəmiyyətinin qurulmasına dair qanunvericiliyin, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verilir, informasiya cəmiyyəti və informasiya texnologiyalarının aktual elmi-nəzəri problemlərinin həlli, o cümlədən elektron-dövlət quruculuğu, elektron-elm, elektron-tibb və biliklər iqtisadiyyatının formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı əsaslı tədqiqatlar aparılır.  

Həyata keçirilən işlər və respublikamızın beynəlxalq hesabatlarda yüksələn reytinqi onu deməyə əsas verir ki, Azərbaycanın ən yaxın zamanda dünya üzrə əhəmiyyətli regional informasiya texnologiyaları mərkəzinə çevrilə bilməsi üçün ölkə rəhbərliyi tərəfindən münbit şərait yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.