www.science.az
09.12.2019 16:01

“Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsinin mükafatlandırma mərasimi olub.

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan müsabiqədə Şəki rayonunun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak ediblər.

Tədbiri ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq müsabiqənin ölkə başçısının 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən baş tutduğunu bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyəti, nailiyyətləri barədə iştirakçılara məlumat verib.

Sonra çıxış edən ŞREM-in böyük elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, professor Firədun İbrahimov müsabiqənin mahiyyəti, gənc nəslin dünyagörüşünün formalaşmasında bu cür tədbirlərin rolu barədə danışıb.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb, qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.