www.science.az
12.12.2019 10:04

Ali təhsil müəssisələrində Tədqiqat və İnnovasiya “Horizon 2020” Proqramı üzrə Məlumat Günü təşkil olunub

Avropa Komissiyasının Tədqiqat və İnnovasiya “Horizon 2020” Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi altında Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Məlumat Gününün təşkilinə başlanılıb.

AR Təhsil Nazirliyinin dəstəyi, MƏŞŞ üzvləri və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin əməkdaşlarının iştirakı ilə artıq Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Azərbaycan Texniki Universitetində Məlumat Günü keçirilib.

Universitetlərdə tədbirləri bu qurumların beynəlxalq əlaqələr üzrə prorektorları, professorlar Nərgiz Abdullayeva və Sübhan Namazov açaraq “Horizon 2020” proqramının əhəmiyyətindən danışıb, Azərbaycan alimlərinin proqramdan istifadə fəallığının artırılmasının vacibliyini vurğulayıblar. 

AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinin müdiri, b.ü.f.d. Esmira Əlirzayeva Azərbaycan elmi ictimaiyyətinin “Horizon 2020”nin imkanlarından istifadə üzrə hazırkı vəziyyəti, bu fəallığın yüksəldilməsi üzrə AMEA və MƏŞŞ üzvləri tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

“Horizon 2020”nin Hüquq və maliyyə aspektləri istiqaməti üzrə milli əlaqələndiricisi, AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin rəhbəri, tex.ü.f.d. Tofiq Babayev tədbir iştirakçılarını proqramın tarixi, hazırkı imkanları, büdcəsi və yeni mərhələ olan “Horizon Europe” çərçivəsində nəzərdə tutulan işlərlə tanış edib.

Sənətkarlıq, təlim və karyeranın inkişafı üzrə Mari Skladovskaya Küri Təqaüd Proqramı istiqaməti üzrə milli əlaqələndirici, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov bu istiqamət üzrə fərdi və qrup qrantlarının alınması və layihələrin hazırlanması üçün tələblərdən danışıb.

Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndirici İlham Hümbətov “COST action” çərçivəsində layihələrə qoşulmaq yollarından danışıb, elmi şəbəkələrin yaradılmasında onun əhəmiyyətini diqqətə çatdırıb.

İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) istiqaməti üzrə milli əlaqələndirici, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri, tex.ü.f.d. Fərhad Yusifov İKT üzrə hazırkı proqramlar və çağırışlar haqqında məlumat verib.

Tədbirlərdə, həmçinin Maliyyə aspektləri istiqaməti üzrə milli əlaqələndirici, AMEA İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Rüfət Əfəndiyev və İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndirici, c.ü.f.d. Rövşən Kərimov layihələrin hazırlanmasına dair tələblər, onların qiymətləndirmə meyarları və tərəfdaşlarla əlaqələrin yaradılması üzrə məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, Tədqiqat və İnnovasiya “Horizon 2020” Proqramı üzrə Məlumat Gününün ilin sonuna qədər Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, həmçinin Gəncə və Naxçıvan universitetlərində təşkil edilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.