www.science.az
16.12.2019 15:27

Pilotsuz uçuş aparatları ilə xəstəlik və zərərvericilərin öyrənilməsinə dair müzakirələr aparılıb

Dekabrın 13-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (TETİ) direktoru Elmar Allahverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinə TETİ-nin istehsalat üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Hikmət Nəsibov və qurumun informasiya və marketinq üzrə aparıcı mütəxəssisi Ruslan Həsənov daxildirlər.

Görüşdə tərəflər arasında “Pilotsuz uçuş aparatları (dronlar) ilə xəstəlik və zərərvericilərin sahələrdə öyrənilməsi və monitorinqi” layihəsinin icrasına dair müzakirələr aparılıb.

YT Parkın direktoru, professor Elton Məmmədov ölkədə aqrar sahənin inkişafına göstərilən dövlət qayğısından və bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən danışıb. O, kənd təsərrüfatında innovasiya sistemləri və yeni texnologiyaların tətbiqinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin hər iki qurum üçün faydalı olacağını vurğulayıb. 

Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər barədə məlumat verib.

Qonaqlar, həmçinin dronlar və onların istehsal prossesi ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.