www.science.az
30.12.2019 11:29

Akademik Kamal Abdullayevin “Mənim Füzulim” kitabı işıq üzü görüb

Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin “Mənim Füzulim” kitabı işıq üzü görüb.

Müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib.

Akademik K.Abdullayev kitabda yer alan ədəbi nümunələrin yazılma tarixçəsini və kitabın çap olunması ideyasını belə əsaslandırır: “Füzuli məni həmişə ahənrüba kimi özünə cəlb edib. Füzulinin sözə münasibəti, sözü mum kimi beytin içində “əzib” yerləşdirmə bacarığı mənim təsəvvürlərimin hüdudundan kənara çıxıb. Mən həmişə fərqində olmuşam ki, Azərbaycan ədəbiyyatı məhz Füzuli ilə XVI əsrə daxil olub, öz dilini yenidən yaradıb və qoruyub, dünya dəyərlərinə qiymət verib. Elə buna görə də “Füzuli olmasaydı nə olardı?” sualı məni həmişə qorxudub. Və bu qorxu tezcə də duman kimi uçub gedib. Mən anlamışam ki, mənim Füzulim olmaya bilməzdi”.

Kitabın bədii redaktoru Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, redaktoru Cavid Zeynallıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.