www.science.az
04.01.2020 13:48

Görkəmli kimyaçı alimi 70 illik yubileyi münasibətilə təbrik edirik!

Yanvarın 5-də görkəmli kimyaçı alim, Nyu-York Elmlər Akademiyasının üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatı, Bakı Dövlət Universitetinin (BDU) Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmovun 70 yaşı tamam olur.

Abel Məhərrəmov 5 yanvar 1950-ci ildə Ağdam şəhərində anadan olub. O, 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini medalla bitirib və indiki Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə qəbul olub. 1971-ci ildə universiteti başa vurduqdan sonra isə təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilib. A.Məhərrəmov 1973-cü ildə “Üzvi kimya” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına qəbul olunub. O, 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb.

Alim 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə “İkiqat rabitələrə birləşmə reaksiyalarında sul­fenilxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik, 1991-ci ildə “Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Akademikin tədqiqatları nəticəsində ilk dəfə üzvi kimyada “Dopinq effekti” kimi tanınan yeni sintez metodu müəyyən edilib. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilib. Eyni zamanda,  ilk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilib, RQA metodu ilə onların molekulyar və kristallik quruluşları öyrənilib. Alim metilen aktiv birləşmələrin arilhidrazonlarının koordinasiyon kimyasını öyrənib və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilib. Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilib, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq olunub.

A.Məhərrəmov 1270 elmi məqalə, 10-a yaxın monoqrafiya, 37 dərslik və dərs vəsaitinin, o cümlədən 54 müəlliflik şəhadətnaməsi və patentin, 33 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 53 fəlsəfə və 41 elmlər doktoru hazırlanıb.

Kimyaçı alim elmi nəticələrinə və təhsil quruculuğunda xidmətlərinə görə “Y.Məmmədəliyev adına qızıl medal”a (1999), "Əməkdar elm xadimi" fəxri adına (2000), Rumıniyanın Komandor dərəcəli ali “Qızıl Ulduz” (2004) və Azərbaycan Respublikasının “Şöhrət” ordenlərinə (2009), İqtisadi Əməkdaşlıq Təşkilatının “Qızıl medal”ına, “Qızıl Buta” mükafatına, “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”na və s. layiq görülüb.

O, Nyu-York Elmlər Akademiyasının üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının fəxri həqiqi üzvü, Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının xarici üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru və Albaniya Respublikasının Tirana Texniki Universitetinin fəxri doktorudur.

Akademik Abel Məhərrəmovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.