www.science.az
10.01.2020 15:20

Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusunun təqdimatı olub

Yanvarın 10-da AMEA-nın Əsas binasında “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplunun təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibəyli açaraq Azərbaycanın elmi müəssisələrinin, o cümlədən Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının son illərdə apardığı tədqiqatların mühüm nəticələrindən danışıb. O, ictimaiyyətə təqdim olunan toplunun Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ etnoqrafik ekspedisiyasının Qəbələ bölgəsində apardığı tədqiqatlar nəticəsində ərsəyə gəldiyini deyib.

Akademik İsa Həbibbəyli qədim Qəbələ bölgəsinin araşdırılmasının dövlətçilik tariximiz üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızın iqtisadi və siyasi yüksəlişə istiqamətlənmiş siyasəti elmi tədqiqatlar və müasir dünya səviyyəsində alimlərimizin tanınması üçün əsaslı zəmin yaradıb.

Daha sonra akademik Teymur Bünyadov Qəbələ bölgəsi və qədim Qəbələ şəhərinin arxeoloji, tarixi və etnoqrafik baxımdan kompleks tədqiqatlarının nəticəsi olan əsərlər barədə məlumat verib. T.Bünyadov Qəbələ bölgəsi üzrə tədqiqatlarda SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və onun prezidenti, geologiya üzrə fəlsəfə doktoru Rühəngiz Heydərovanın təmənnasız dəstəyini xüsusi qeyd edib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova isə çıxışında rəhbərlik etdiyi müəssisənin əməkdaşlarının Qəbələdə apardıqları tədqiqatlardan danışıb. O, Azərbaycanın tarixi keçmişini, xalqımızın qədimliyini, zəngin maddi və mənəvi irsini ortaya çıxarmış bu tədqiqatların önəmini vurğulayıb.

Tədbirdə Koreyanın ölkəmizdəki səfiri Kim Tonq Op bildirib ki, SEBA Assosiasiyasının dəstəyi ilə Qəbələnin arxeoloji tədqiqatında koreyalı mütəxəssislərin iştirakı iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açmışdır.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycanda 2500 illik tarixə malik Qəbələnin tarixini, etnoqrafiyasını və folklorunu əks etdirən əsərlərin rus və ingilis dilində nəşrinin respublikamız və xalqımız üçün mühüm elmi, mədəni və siyasi əhəmiyyətini qeyd edib.

Sonda Qəbələ etnoqrafik ekspedisiyasına həsr olunan “Qəbələ etüdləri” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, “Qəbələ tarixi” kitabında bölgənin 450 000 il əvvəl başlanan tarixi 2017-ci ilin əvvəlinə qədər öz əksini tapıb. Nəşrdə Qəbələ bölgəsinin ibtidai icma, tunc, antik və orta əsrlər dövrlərini əhatə edən minilliklər boyu tarixi keçmişi, qədim Qəbələ şəhərinin Qafqaz Albaniyasının paytaxtı kimi formalaşması, XVIII əsrə qədər Qafqazın və Şərqin görkəmli şəhərlərindən biri olması, XIX-XXI əsrlərdəki yüksəlişi barədə geniş məlumat verilib.

“Qəbələ etnoqrafiyası” kitabında regionun təbii-coğrafi şəraiti və etnik mənzərəsi, təsərrüfat həyatı, sənətkarlıq sahələri, maddi-mənəvi mədəniyyəti, ailə və ailə məişəti barədə məlumatlar geniş oxucu kütləsinin diqqətinə təqdim edilir.

“Qəbələ folkloru” kitabında isə çoxəsrlik folklor mədəniyyəti (xalq poeziyası, əfsanələr və s.) ilk dəfə əhatəli şəkildə qələmə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.