www.science.az
16.01.2020 15:58

“Elm” qəzetinin yeni nömrəsi işıq üzü görüb

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən AMEA Rəyasət Heyətinin “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında", "Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında", "X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında", "X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında", "D.B.Tağıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında" və "V.M.Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında" müvafiq sərəncamları yer alıb.

Mətbu orqanın ikinci səhifəsində “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 93,94 və 95-ci cildləri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində işıq üzü görmüş “İctimai və humanitar elmlərin, efir məkanının problemləri haqqında düşüncələr” kitabı haqqında ətraflı məlumat verilir.

Bundan əlavə, akademik Bahadır Tağıyevlə bağlı ölkə başçısının imzaladığı nekroloq və mərhum alimlə AMEA-da keçirilən vida mərasimi, eləcə də akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” kitabı və AMEA prezidentinin “Clarivate Analytics” agentliyinin nümayəndələri ilə görüşü barədə qəzetin üçüncü səhifəsində tanış olmaq olar.

Qəzetin dörd-səkkizinci səhifələrində AMEA-nın dekabrın 28-də baş tutan Ümumi yığıncağı, tədbirdə həqiqi və müxbir üzvlərin çıxışları, qəbul olunan qərarlar, Rəyasət Heyətinin, o cümlədən akademiyanın Nizamnamə komissiyasının yeni tərkibinin təsdiqlənməsi və AMEA-nın birinci vitse-prezidentləri vəzifəsinə keçirilən seçkilərə dair xəbərlər yer alıb.

Mətbu nəşrdə, həmçinin AMEA Rəyasət Heyətinin iclasları, akademik Ramiz Mehdiyevin Fransanın Strasburq Universitetinin və Yüksək Texnologiyalar Parkının alim və mütəxəssisləri ilə görüşləri, eləcə də akademiyada "Nəsimi ili"nin yekunlarına həsr olunan konfrans, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Moskvada çapdan çıxan "Ədəbiyyat, zaman və müasirlik" kitabı, AMEA-nın elmi müəssisə və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabatı və s. məlumatlar oxucuya təqdim edilir.

20 səhifəlik qəzetdə rus dilində materiallar da əksini tapıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan "Elm" qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.