www.science.az
29.01.2020 15:00

AMEA-nın Tarix İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Yanvarın 29-da AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun 2019-cu ildə nəşr olunmuş kitablarının Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib.

Tədbir çərçivəsində Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə müştərək elmi əsərlərin çapı, birgə elmi layihələrin hazırlanması, qarşılıqlı kitab mübadiləsinin təşkili və s. nəzərdə tutulur.

Mərasimdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Prezident İlham Əliyevin Tarix İnstitutunu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi adlandırdığını və müəssisənin əməkdaşlarının tədqiqat işlərinə daim yüksək qiymət verdiyini bildirib. O, institutun nəşrlərinin türk, ingilis, ərəb, rus, alman, fransız, italyan və digər dillərdə çap olunduğunu, İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə dair fundamental əsərlərdə erməni saxtakarlığının ifşa edildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, ötən il rəhbərlik etdiyi elmi müəssisədə 43 kitab nəşr olunub. Alimin sözlərinə görə, 2019-cu ildə institut əməkdaşlarının “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), “Real tarix və “böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”i, “Tiflis əmirliyi” və s. kitabları çapdan çıxıb.

Tədbirdə digər çıxış edənlər son illərdə ölkə başçısının çağırışları və tapşırıqlarına əsasən Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsərinin işıq üzü gördüyünü bildiriblər. Qeyd olunub ki, elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədi gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.