www.science.az
06.03.2020 11:21

NASA: “Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşır”

Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq. Astronomların bildirdiyinə görə, onun Yer ilə toqquşması istisna olunur.

poisknews.ru saytı xəbər verir ki, 52768 (1998 OR2) nömrəli asteroid planetimizə 29 aprel tarixində daha çox yaxınlaşacaq. Həmin gün o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.

NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.

Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.