www.science.az
19.03.2020 09:09

Çində koronavirusa qarşı preparatın kliniki tədqiqatları başa çatıb

Çin alimləri koronavirusa yoluxmuş pasiyentlərdə qızdırma ilə mübarizə aparan “Favilavir” antivirus preparatının kliniki tədqiqatlarını başa çatdırıblar.

interfax.ru saytının məlumatına görə, bu preparat COVID-19-a yoluxmuş pasiyentlərdə qızdırma dövrünü əlavə təsirlərsiz 4 gündən 2 günə qədər qısaldır.

“Favilavir” Çinin “Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən istehsal edilir. Preparat, həmçinin “Favipiravir” və ya “Avigan” adlanır. Yaponiyada bu adlar altında onu qriplə mübarizə üçün “Fujifilm Holdings” istehsal edir.

Hazırda bir çox şirkətlər koronavirusa yoluxmuş pasiyentlər üçün artıq mövcud olan dərmanların effektivliyini yoxlamağa başlayıb. Belə ki, əczaçılıq nəhəngləri olan “Sanofi” və “Regeneron”  koronavirusu müşayiət edən iltihabi proseslə mübarizədə revmatoid artrit üçün istifadə olunan Kevzara preparatının kömək edib-etmədiyini aydınlaşdırmağa çalışır. Tədqiqatda təxminən koronavirusa yoluxmuş 400 ağır vəziyyətdə olan pasiyent iştirak edəcək.