www.science.az
15.04.2020 12:16

AMEA-nın müxbir üzvü Əli Nuriyev vəfat edib

Qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində tanınmış mütəxəssis, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyev aprelin 14-də ömrünün 91-ci ilində dünyasını dəyişib.

Əli Nəcəfqulu oğlu Nuriyev 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1944-cü ildə Nehrəm kənd orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Tibb Texnikumuna daxil olmuş və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, III kursdan Qorki (indiki Nijni Novqorod) şəhərində yerləşən Dövlət Universitetinin Kimya fakültəsinə göndərilmişdir. 1953-cü ildə oranı "Analitik kimya" ixtisası üzrə müvəffəqiyyətlə bitirmiş və Sumqayıt Kauçuk Zavodunun Texniki-nəzarət şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

Elmə olan böyük həvəsi Ə.Nuriyevi 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Geokimya və radiokimya laboratoriyasına gətirmiş, o, burada kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. Alim 1971-ci institutun Sorbsiya prosesləri şöbəsinə, həmçinin Qeyri-üzvi və sintetik sorbentlər laboratoriyasına rəhbərlik etmişdir.

1962-ci ildə Ə.Nuriyev "Neft yataqları, lay sularında radioaktiv elementlərin paylanması" mövzusunda namizədlik, 1972-ci ildə isə "Azərbaycan neft yataqlarının lay sularında, neftlərdə və çökmə suxurlarında nadir və səpələnmiş elementlərin paylanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1980–1985-ci illərdə professor Ə.Nuriyev işlədiyi institutun direktor müavini olmaqla yanaşı, Naxçıvan Elmi Mərkəzinə də rəhbərlik etmişdir. Həmin mərkəzin elmi istiqamətinin müəyyənləşdirilməsində və kadr hazırlığında böyük səy göstərmişdir.

Professorun əsas elmi istiqaməti neft-su-süxur üçlü heterogen sistemlərində mikroelementlərin paylanmasının qanunauyğunluqlarının aşkar edilməsi və onların mineral neft-lay və dəniz sularından sorbsiyası mexanizminin öyrənilməsi idi. O, ilk dəfə olaraq Azərbaycanın demək olar ki, bütün neft mənbələrində neft-lay suları-süxur sistemində nadir və radioaktiv elementlərin paylanmasını öyrənmiş, onların miqrasiya, səpələnmə və toplanmasının qanunauyğunluqlarını müəyyənləşdirmişdir.

Ə.Nuriyev, həmçinin ilk dəfə olaraq müxtəlif süxurların minerallaşma dərəcəsinin, kimyəvi tipinin və ion tərkibinin formalaşma şəraitinin mikroelementlərin miqrasiyasını fəallaşdırdığını müəyyən etmişdir. Onun elmi tədqiqatlarının mühüm istiqamətlərindən biri də təbii sulardan sorbsiya yolu ilə kimyəvi elementlərin ayrılması üçün yeni sorbentlərin sintezi idi.

Ə.Nuriyevin rəhbərliyi ilə Darıdağ (Naxçıvan MR) termal mineral suyundan xalq təsərrüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyası işlənib hazırlanmış və Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edilmişdir. Bu tədqiqata görə, Ə.Nuriyev Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Ə.Nuriyevin rəhbərliyi ilə Neftçala yod-brom zavodunun tullantı suyundan elektrolizlə yeyinti sənayesi üçün yararlı olan xörək duzunun alınması texnologiyası işlənib hazırlanmışdır. Tədqiqat işi Respublika Milli Patentinə layiq görülmüş və hazırda İran İslam Respublikasında Urmiya gölündən xörək duzunun istehsal olunmasında tətbiq olunur.

Son illər Ə.Nuriyevin əməkdaşları ilə birlikdə apardığı elmi-tədqiqat işləri bentonit və kaolinitin müxtəlif modifikasiya olunmuş formalarının alınmasına, onların fiziki-kimyəvi xassələrinin öyrənilməsinə, kationaktiv metilen abısı, fuksin, rodamin və tionin boyalarının göstərilən sorbentlərdə sulu məhlullardan ad sorbsiyasının tədqiqinə həsr olunmuşdur.

Alimin apardığı tədqiqatların nəticələri 3 monoqrafiya, 306 elmi əsər, o cümlədən 16 müəlliflik şəhadətnaməsi və 3 patentdə əksini tapmışdır. Onun rəhbərliyi ilə 14 fəlsəfə doktoru, 3 elmlər doktoru hazırlanmışdır. Bundan əlavə, Ə.Nuriyev respublikanın müxtəlif elm və təhsil müəssisələrində 60-a yaxın fəlsəfə və elmlər doktorluğu işlərinə opponentlik etmişdir.

Şərəfli ömür yaşamış Əli Nuriyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.