www.science.az
09.05.2020 12:56

İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib

Mayın 8-də AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. İnstitutun direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə baş tutan tədbirdə bir sıra məsələlər müzakirə edilib.

İclasda Nazim İmanov bildirib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan dövləti məqsədyönlü tədbirlər həyata keçirir. Habelə hökumət əhalinin sosial müdafiəsinin təşkili və iqtisadi aktivliyin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edib. Bütün dünya iqtisadiyyatına böyük ziyan vurmuş pandemiyanın nəticələrinin aradan qaldırılması və iqtisadi artımın bərpa edilməsi isə müəyyən vaxt tələb edir.

Direktor qeyd edib ki, postpandemiya dövründə iqtisadçı alimlər, tədqiqatçılar sosial-iqtisadi inkişafa öz töhfələrini verməlidirlər. Bu işdə alimlərin üzərinə mühüm vəzifələr düşür. Böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması istiqamətində AMEA-nın İqtisadiyyat İnstitutunda da tədqiqatlar aparılır: "Müəssisə əməkdaşları öz təklif və tövsiyələrini rəhbərliyə təqdim ediblər. Yaradılmış işçi qrupu həmin təklifləri ümimiləşdirdikdən sonra vahid sənəd formasında müvafiq dövlət idarəetmə orqanlarına təqdim olunacaq".

Onlayn iclasda İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.ü.f.d., dos. Allahyar Muradov institutda plan elmi tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti, işçi qrupların apardıqları tədqiqatlar, eləcə də plan işləri qarşısında əsas tələblər, hesabat forması və s. barədə məlumat verib. Hesabatların sentyabr ayında təhvil verilməsi tövsiyə olunub.

Daha sonra Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva bu il doktorantura və dissertanturaya qəbulun nəticələri barədə məlumat verib. Dissertantların iştirakı ilə onların dissertasiya mövzularının hər biri ayrıca geniş müzakirə edildikdən sonra təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.