www.science.az
09.05.2020 14:10

“Heydər Əliyev irsi: liderlik, zaman və gələcək” mövzusunda onlayn elmi seminar keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunun və Yeni Azərbaycan Partiyası Fəlsəfə İnstitutu üzrə Ərazi Təşkilatının təşəbbüsü ilə “Heydər Əliyev irsi: liderlik, zaman və gələcək” mövzusunda onlayn elmi seminar keçirilib. 

Tədbiri giriş nitqi ilə açan institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə seminarın mövzusunun aktuallığını qeyd edərək, hazırkı pandemiya şəraitində Azərbaycanda gedən köklü islahatların çoxtərəfli istiqamətlərinə nəzər salıb, ulu öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb.

Seminarda institutun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Bir millət iki dövlət konsepsiyasının fəlsəfəsi”, fəlsəfə elmləri doktorları Sakit Hüseynov “Heydər Əliyev və İslam həmrəyliyi”, Afaq Rüstəmova “Heydər Əliyev irsində informasiya cəmiyyəti quruculuğu”, Ziba Ağayeva “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, hüquq elmləri doktoru İsaxan Vəliyev “Heydər Əliyevin hüquqi islahatları”, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “Heydər Əliyev fenomeninin düsturu” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin “Azərbaycanda milli təhsil sisteminin formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev şəxsiyyəti və yaradıcı gənclər”, “Zaman keçdikcə dahiləşən və əbədiləşən siyasi lider”, “Şəxsiyyət fenomeni və zaman” mövzularında çıxışlar dinlənilib.

Onlayn seminarda bildirilib ki, müasir Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, əldə etdiyi tərəqqi və inkişaf bilavasitə həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider ölkəyə çevrildiyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.