www.science.az
11.05.2020 12:15

Gənc alimlərin “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda videokonfransı keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən videokonfrans keçirilib.

“Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda videokonfrans “Zoom” platforması üzərindən təşkil edilib.

Tədbirə moderatorluq edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev bildirib ki, hazırda bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər gənclərdə qürur hissi yaradıb. O, görülən qabaqlayıcı tədbirlər sayəsində tezliklə bu bəladan xilas olacağımıza əminliyini ifadə edib.

F.Mustafayev konfransın mövzusunun vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi dərin ehtiramla xatırlayır. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d., dos. Famin Salmanov “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O, ulu öndər Heydər Əliyevin gənclərin elmi-ictimai fəaliyyətinin genişləndirilməsi, stimullaşdırılması, onların milli ruhda tərbiyələndirilməsi, ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği istiqamətində mühüm işlər gördüyünü bildirib.

Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulayan alim bildirib ki, dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

F.Salmanov ulu öndər H.Əliyev tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımların atıldığını söyləyib. Qeyd edib ki, onun zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunədir. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir gənc üçün fəxr və qürur mənbəyidir.

Şura sədri vurğulayıb ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. O, xüsusən COVID-19 pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması üçün ölkə rəhbəri tərəfindən həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, Azərbaycanda tətbiq edilən karantin rejimində akademiya gənclərinin də dövlət başçısının çağırışlarına həmrəylik nümayiş etdirdiyini bildirib.

Videokonfransda Yeni Azərbaycan Partiyası (YAP) AMEA ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduzə Mehvalıyeva “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu kimi” mövzusunda məruzə ilə çıxış edib. O, görkəmli şəxsiyyət Heydər Əliyevin bütün məsələlərə dövlət və dövlətçilik prinsiplərindən yanaşdığını, Azərbaycanın, eləcə də YAP-ın gələcəyini daim gənclərdə gördüyünü vurğulayıb.

Tədbirdə “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasəti”, “Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı bir abidədir”, “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşması və inkişaf sahəsində xidmətləri”, “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzularında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.