www.science.az
12.05.2020 12:31

AMEA Yüksək Texnologiyalar Parkının strateji planı hazırlanır

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) üçün strateji planın hazırlanmasına dair bu qurumla Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə telekonfransı keçirilib.

Tədbirdə YT Parkın baş direktoru, akademik Əli Abbasov, ümumi və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağır-zadə, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin Xarici əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov, innovasiyalar üzrə ekspert Vüsal Süleymanlı, eləcə də Seul Universitetinin professoru Myungdo Oh, STEPI-nin Qlobal innovasiya strategiyası şöbəsinin baş direktoru Wangdong Kim, Daejeon Texnoparkının Siyasət planlaşdırma idarəsinin rəhbəri Sangho Choi və Hanbat Milli Universitetinin professoru Jongin Choi iştirak ediblər.

Əsas məqsəd YT Parkın strateji inkişafı və Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi, Parkın daxili idarəetmə sistemi, texnologiyaların transferi və kommersiyalaşdırılması sistemi, o cümlədən biznes inkubasiya və startapların inkişafı sistemi ilə bağlı müzakirələrin aparılması olub.

Qeyd edək ki, STEPI Koreya Respublikasının uğurlu innovasiya siyasətinin formalaşdırılmasında aparıcı rola malikdir. Eləcə də bu sahədə qazanılan zəngin təcrübənin (K-Innovations) digər ölkələr ilə bölüşdürülməsi üzrə lider təşkilatdır.

Tədbirdə qeyd olunub ki, AMEA YT Park ilə bu elmi müəssisə arasında birgə layihələrin həyata keçirilməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafında Koreya təcrübəsindən bəhrələnmək, həmçinin tərəflər arasında bilik və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar açacaq.

Bildirilib ki, 2017-ci ildən etibarən STEPI-nin Azərbaycanda rəsmi tərəfdaşı olan YT Park bu illər ərzində Azərbaycanda elmin kommersiyalaşdırılması,  texnologiyaların transferi, innovasiya siyasətinin formalaşdırılması istiqamətlərində bir çox proqramlar həyata keçirib, xüsusilə bu sahədə insan resursunun inkişafı üçün yeni layihələr icra edib. 2019-cu ildə STEPI ilə əməkdaşlıq çərçivəsində baş tutmuş sonuncu layihə isə Azərbaycanda texnologiyaların transferinin təşviqi mövzusuna həsr olunub.

Telekonfransda innovasiya və iqtisadiyyatda yüksək texnologiyaların tətbiqi, elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq olunmasının vacibliyi də vurğulanıb.

Sonra onlayn tədbirdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Həmçinin strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik olan YT Parkda strateji planın tətbiqi ilə bağlı bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.