www.science.az
19.06.2020 15:30

Yüksək Texnologiyalar Parkı ilə Estoniyanın “BOLT” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Estoniyanın “BOLT” şirkətinin nümayəndələri ilə əməkdaşlığa dair görüş keçirilib. Görüşdə YT Parkın baş direktoru, akademik Əli Abbasov, baş hüquqşünas Fikrət Qaibov, İnvestisiya, marketinq və kommersiya şöbəsinin müdiri İlahə Rzayeva, strateji layihələr üzrə məsləhətçi Vüsal Süleymanlı, eləcə də “BOLT” şirkətinin ölkə üzrə meneceri Naim Əzizov və əməliyyatlar üzrə mütəxəssisi Elnur Hacılı iştirak ediblər.

Əvvəlcə akademik Əli Abbasov qonaqlara YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan ixracyönümlü məhsullar, eləcə də rezidentlər üçün yaradılmış əlverişli şərait, güzəşt mexanizmləri və xidmətlər barədə ətraflı məlumat verib. Bildirib ki, YT Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün müasir infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.  

Daha sonra şirkətin nümayəndə heyəti çıxış edərək YT Parkın rezidenti olmaqda maraqlı olduqlarını bildirib, Azərbaycanda həyata keçirmək istədikləri layihə barədə məlumat veriblər. Qeyd olunub ki, dünyanın 30-dan artıq ölkəsini əhatə edən “BOLT” Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxildir. 

Görüş zamanı iki qurum arasında müvafiq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. “BOLT” şirkətinin rezident olaraq qəbul edilməsi məqsədəuyğun hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.