www.science.az
03.07.2020 15:33

Azərbaycan alimləri beynəlxalq onlayn iclasda iştirak ediblər

BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (GSPC) ilk hədəfinin həyata keçirilməsinin təşviqi üçün qlobal təşəbbüsçüsü “Onlayn Dünya Florası” (WFO) konsorsiumu hesab olunur. Konsorsium ABŞ-ın Missuri və Nyu-York Botanika Bağları, eləcə də Böyuk Britaniyanın Kyu və Edinburq Kral Botanika Bağları tərəfindən birgə təsis olunub.

Yer üzərində yayılmış 400 mindən çox bitki və mamırları ehtiva edən məlumat bazasının yaradılması məqsədi daşıyan beynəlxalq konsorsiuma ABŞ, Avropa və Çin daxil olmaqla 40-a yaxın ölkənin aparıcı botanika təşkilatları üzv qəbul olunub. Post-sovet ölkələrindən isə Rusiya Elmlər Akademiyası Komarov adına Botanika İnstitutu və AMEA-nın Botanika İnstitutu bərabərhüquqlu üzv kimi təmsil olunur.

İyulun 1-də konsorsiuma üzv təşkilatların şurasının “Zoom” platforması üzərindən onlayn rejimdə iclası keçirilib.  

Tədbirə 42 üzv təşkilatdan, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin, İrlandiya, İsveçrə, Avstarliya, Rusiya, Türkiyə, Braziliya və digər ölkələrdən 43 alim qatılıb. Şuranın iclasında AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və institutun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov da iştirak ediblər. 

Onlayn şurada WFO konsorsiumunun həmsədrləri, ABŞ-ın Missuri Botanika Bağının prezidenti, prof. Peter Wyse Jackson və Cenevrə Botanika Bağının direktoru, Lozan Universitetinin professoru Pierre-Andre Loizeau iclası açıq elən edərək mövcud vəziyyətə dair məlumat veriblər. Onlar konsorsiuma iki yeni üzvün qəbul olunduğunu bildiriblər.

İclasda 2019-2020-ci illər üzrə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi, bitki qruplarına dair taksonomik məlumatların emalı və rəqəmsallaşma, yaxın gələcəkdə görüləcək prioritet istiqamətlərin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Bildirilib ki, müxtəlif mənbələrdən əldə olunan informasiyaların emalı zamanı müxtəlif ranqlı bitki qruplarında həll olunmayan və açıq qalan müxtəlif məsələlər mövcuddur. Sonda bu istiqamətdə mövcud olan metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan alimlərinin bu kimi yüksək səviyyəli platformada iştirakı bitkilərin mövcud müasir təsnifat və nomenklaturaya uyğun onlayn taksonomik resurslarının və florasının yenilənməsi mexanizminin işlənib-hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.