www.science.az
03.07.2020 16:47

“Məhəmməd Hadinin sənət idealları və müasir dövr” mövzusunda onlayn elmi konfrans keçirilib

İyulun 3-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Hadinin 140 illiyinə həsr olunan “Məhəmməd Hadinin sənət idealları və müasir dövr” mövzusunda onlayn elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbirin ölkə Prezidentinin "Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında" 5 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən təşkil olunduğunu bildirib. O, bu sənədin böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu vurğulayıb. 

Akademik İsa Həbibbəyli mütəfəkkir şair M.Hadinin Azərbaycan romantizminin əsas simalarından biri olduğunu deyərək, onun “Əlvahi intibah” poemasının ədəbiyyatımızda mövqeyindən danışıb. Bildirib ki, M.Hadinin irsi ilk dəfə Əziz Mirəhmədov tərəfindən araşdırılıb və 1978-ci ildə çap edilib. Ədibin əsərlərinin iki cildliyi hazırlansa da, həmin vaxt yalnız birinci cild işıq üzü görüb.

Birinci vitse-prezident hazırda professor İslam Qəriblinin rəhbərlik etdiyi şöbədə iki cildliyin hər iki cildinin çapa hazırlandığını və akademiyanın “Elm” nəşriyyatının planına salındığını diqqətə çatdırıb. O, Azərbaycan Yazıçılar Birliyi tərəfindən də dövlət başçısının sərəncamından irəli gələn tədbirlər planına uyğun olaraq “Ulduz” jurnalının bir nömrəsinin Məhəmməd Hadiyə həsr olunduğunu bildirib.

Sonra Ədəbiyyat İnstitutunun Yeni dövr ədəbiyyatı şöbəsinin müdiri, professor İslam Qəribli “Məhəmməd Hadi: şair, tərcüməçi, publisist” adlı məruzəsini təqdim edib. O, rəhbərlik etdiyi şöbədə hazırlanan nəşrlər barədə məlumat verərək, M.Hadinin 246 orijinal şeirinin, 4 poemasının və 27 poetik tərcüməsinin məlum olduğunu söyləyib. İ.Qəribli şairin indiyədək digər kitablarında çap olunmayan 64 şeirinin, 4 poetik tərcüməsinin, 125 məqaləsinin, 3 məktubunun, 4 mənsur şeirinin ilk dəfə olaraq iki cildlikdə yer alacağını deyib.

Videokonfransda filologiya elmləri doktoru Abid Tahirli “M.Hadi poeziyası – istiqlalın əbədi məşəli”, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov “M.Hadi yaradıcılığı yeni kulturoloji təfəkkürdə”, dosent Mehdi Gəncəli “Türkiyədə M.Hadi irsinin tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər. 

Onlayn konfransda, həmçinin “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova çıxış ediblər.

Bundan başqa, tədbirdə filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “M.Hadi romantizmində ədəbi-fəlsəfi cərəyanların izləri”, filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin “Azərbaycan istiqlal mübarizəsi və M.Hadi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabovanın “M.Hadi yaradıcılığında tolerantlıq”, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Abdullayevanın “M.Hadi Tofiq Fikrət və onun ədəbi irsi haqqında” adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.