www.science.az
08.07.2020 10:23

BMT-nin baş katibi Antonio Quterreş: “Koronavirusa qarşı peyvəndin 9 ay ərzində tapılması gözlənilir”

İsveçin “Aftonbladet” nəşrində yayımlanan məqalədə BMT-nin baş katibi Antonio Quterreş yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanı iki ssenarinin gözlədiyi barədə danışıb.

“Birinci nikbin ssenaridir. Bu ssenariyə görə, ölkələr hazırkı vəziyyətin öhdəsindən gələcəklər. Şimal dövlətləri uğurlu bərpa planı işləyib hazırlayacaq, inkişaf etməkdə olan ölkələr isə kömək alacaqlar”, – deyə A. Quttereş vurğulayıb.

O, koronavirusa qarşı peyvəndin 9 ay ərzində tapılacağına və onun hamı üçün əlçatan olacağına ümid etdiyini qeyd edib.

BMT-nin baş katibi deyib ki, hadisələr bu məcrada inkişaf edərsə, iqtisadiyyat da bərpa olunacaq, iki-üç ildən sonra normal vəziyyətə qayıtmaq üçün dünya da hərəkət etməyə başlayacaq.

“İkinci isə bədbin ssenaridir. Əgər ölkələr fəaliyyətlərini əlaqələndirməsələr, virusun yenidən yayılması baş verəcək, inkişaf etməkdə olan ölkələrdə vəziyyət pisləşəcək. Peyvənd üzərində işin ləngiməsi və ya bunun üçün şiddətli rəqabətin başlaması, peyvəndi ancaq iqtisadi imkanları olan ölkələrin əldə etməsi variantı da mümkündür. Bu ssenari həyata keçsə, biz seqreqasiyanın, populizmin və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, – deyə A. Quttereş vurğulayıb.

Baş katib nəticədə “yeni normallıq” yaranana qədər, ən azı 5-7 il davam edəcək qlobal depressiyanın baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Məqalədə, həmçinin qeyd olunub ki, hazırda dünyanın hansı məcra üzrə hərəkət etdiyini söyləmək çətindir: “Lakin mümkün olan hər şeyi etmək və ən pisinə hazırlaşmaq lazımdır”.

Bildirilib ki, qlobal çətinliklərin öhdəsindən yalnız qlobal idarəetmə qurumlarının və beynəlxalq əməkdaşlığın köməyi ilə gəlmək mümkündür.

A.Quterreş dövlətlərarası əməkdaşlığın mövcud metodlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.

www.abc.az