www.science.az
09.07.2020 11:11

Dendrologiya İnstitutunda iriçiçəkli kampsis növünün Abşeron şəraitində istifadəsi elmi əsaslarla öyrənilib

AMEA-nın Dendrologiya İnstitutunda katalpa cinsinə aid növlərin və tekoma cinsinə aid “Campsis grandiflora K. Schum.” iriçiçəkli kampsis növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri və yaşıllaşdırmada istifadəsi barədə elmi tədqiqat aparılıb.

Bu barədə məlumat verən institutun elmi işçisi Şəbnəm Əliyeva bildirib ki, yasəmənyarpaq katalpa növünün toxumları 2015-ci ildə Türkiyə Antalya Akdeniz Universitetinin Botanika bağından gətirilib. O, tədqiqat zamanı cücərtilərin morfoloji xüsusiyyətlərinin müxtəlif metodikalar əsasında öyrənildiyini deyib.

Bildirib ki, qeyd olunan növlərin Abşeron şəraitində iki üsulla - toxumla və qələmlə çoxaldılması qarşıya məqsəd qoyulub. Növlərin toxumla çoxaldılması çoxmərhələli aparılıb. İlkin mərhələdə cari ildə toplanmış toxum materialının keyfiyyəti yoxlanılıb. Toxumlar payızda açıq sahədə və istixana şəraitində, yazda isə açıq sahədə əkilib. Noyabrın üçüncü ongünlüyündə əkinə başlamaq üçün sahədə torpağın turşluğunu neytrallaşdırmaq məqsədilə qabıq yonqarı superfosfat qarışığı, qum və torf qarışığı verilib. Toxumlar 8 saat xüsusi substratlarda saxlanıldıqdan sonra 1-1,2 millimetr dərinlikdə sahəyə səpilib.

Tədqiqat işində tekoma cinsinə aid “Campsis grandiflora K. Schum." iriçiçəkli kampsis növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri, çoxaldılması və yaşıllaşdırmada istifadəsi elmi əsaslarla öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.