www.science.az
16.07.2020 11:19

AMEA-nın müxbir üzvü İslam Mustafayev Böyükşor gölündə ekoloji vəziyyətlə bağlı müsahibə verib

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Böyükşor gölündə ekoloji vəziyyətlə əlaqədar “Space” televiziyasına müsahibə verib.

Müsahibəsində müəllifi olduğu layihə əsasında akademik Məmməd Salmanov, coğrafiya elmləri doktoru Vaqif Məmmədov və fəlsəfə elmləri doktoru Sakit Hüseynovun iştirakı ilə hələ 15-17 il əvvəl Böyükşor gölündə sosial-ekoloji monitorinqin keçirildiyini deyən İ.Mustafayev Bakıda Dünya Bankının dəstəyi ilə bu mövzuda beynəlxalq konfransın təşkil olunduğunu bildirib.

Alim Böyükşor gölün 10 il bundan əvvələdək öz təbii sahəsini ətraf ərazilərdə yaşayan sakinlərin kanalizasiya suları və sənaye axıntıları səbəbindən 3-4 dəfə artırdığını vurğulayıb. Qeyd edib ki, kimyəvi, mikrobioloji və radiasiya monitorinqlərinin nəticələri gölün suyunun neft məhsulları, fenollar, fekal mənşəli tullantılarla kəskin dərəcədə çirkləndiyini göstərir. O, hazırda ciddi reabilitasiya tədbirlərinə ehtiyac olduğunu deyib. Həmçinin bildirib ki, sözügedən tədqiqatların müəllifləri “Abşeron gölləri” adlı kitabçada bu reabilitasiya tədbirlərini göstəriblər.

Laboratoriya rəhbəri əlavə edib ki, son 10 ildə Böyükşor gölü qismən qurudularaq öz əvvəlki məcrasına qaytarılıb, lakin çirkablardan lazımi səviyyədə təmizlənməyib: “Göldəki çirklənmə göstərir ki, buraya axıntılar davam etməkdədir. Son günlər göldən Bakının atmosfer havasına yayılan qoxu şəhər sakinləri üçün əlverişsiz şərait yaradıb".

İ.Mustafayev ekoloji vəziyyəti sağlamlaşdırmaq üçün görülməli tədbirlərdən də danışaraq bildirib ki, ilk növbədə, ekoloji monitorinq təşkil edərək suda çirkləndiricilərin qatılığının təyin olunması, axıntı mənbələrinin müəyyənləşdirilməsi və qarşısının alınması, sonda isə ekoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi zəruridir.

O, AMEA-da hər üç tədbiri həyata keçirmək üçün həm texniki potensialın, həm də insan resurslarının mövcud olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.